İdman paytaxtı
Azərbaycanın "İdman paytaxtı"nın seçimi ilk dəfə 14 sentyabr 2023-cü il Azarbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilib.
"İdman paytaxtı"nın seçimi iki il öncədən aparılır. Gənclər və İdman Nazirliyi seçimi elan etdikdən sonra namizədlərin sifarişi Əsasnamədəki meyarlara uyğun qaydada nazirliyin İdman şöbəsinə təqdim edilir. Daha sonra təşkil olunan toplantıda "İdman paytaxt"larına namizəd regionların nümayəndələri növbəli şəkildə öz təqdimatları ilə çıxış edirlər. Təqdimatlar bitdikdən sonra Kollegiya üzvlərinin müzakirəsi keçirilir və səsvermə yolu ilə qalib seçilir.
Qeyd edək ki, "İdman paytaxtı"nın seçimində məqsəd regionlarda idmana olan marağın artırılması və inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliğidir.
2023-cü il dekabrın 7-də Gənclər və İdman Nazirliyi Kollegiya iclasında 2024-2025-ci illər üçün idman paytaxtlarının və 2025-ci il üçün gənclər paytaxtının seçilməsi məsələləri müzakirə edilib.
Namizəd şəhərlərin nümayəndələri təqdimatla çıxış edərək məlumat veriblər. Təqdimatlardan sonra elektron səsvermə nəticəsində Quba 2024-cü il, Qəbələ isə 2025-ci il üçün "İdman Paytaxtı" seçiliblər. Kollegiyada həmçinin Sumqayıt şəhəri 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib.