Lənkəranda “Regional İqlim Həftələri” adlı regional təşəbbüsün icrasına start verilib
Azərbaycanda gənclər arasında iqlim savadlılığı və tədbirlərini gücləndirmək məqsədilə Lənkəranda “Regional İqlim Həftələri” adlı regional təşəbbüsün icrasına start verilib.
Azərbaycanda gənclər arasında iqlim savadlılığı və tədbirlərini gücləndirmək məqsədilə Lənkəranda “Regional İqlim Həftələri” adlı regional təşəbbüsün icrasına start verilib. Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən proqram ölkənin COP29-a hazırlaşdığı ərəfədə gəncləri iqlimlə bağlı mühüm məsələlər barədə maarifləndirmək və onları bu istiqamətdə müxtəlif fəaliyyətlərə cəlb etmək məqsədini daşıyır.
Lənkəran şəhərindən başlayan ölkənin 10 rayonunu əhatə edəcək “İqlim Həftələri” layihəsinin rəsmi açılış tədbirində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov və UNICEF-in Azərbaycandakı Nümayəndəsi Dr. Saca Faruq Abdulla çıxış edərək qlobal iqlim dəyişmələri ilə mübarizənin zəruriliyini və bu istiqamətdə həyata keçirilən tədbirlərdə gənclərin xüsusi rolunu vurğulayıblar.
Lənkəran Olimpiya Mərkəzində keçirilmiş rəsmi açılış mərasiminin ardınca ağacəkmə aksiyası keçirilib.