“NovruzFest” festivalı keçirilib
Martın 17-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2024-cü ilin “Gənclər Paytaxtı” Lənkəran şəhərində baharın gəlişi münasibətilə “NovruzFest” festivalı keçirilib.
Martın 17-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2024-cü ilin “Gənclər Paytaxtı” Lənkəran şəhərində baharın gəlişi münasibətilə “NovruzFest” festivalı keçirilib.
Tədbirin açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Ülviyyə Əliyeva, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxış ediblər. Daha sonra qonaqlar Gənclər Evlərinin Novruz sərgisi ilə tanış olublar.
Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkında keçirilən festivalda Gənclər Evlərinin Novruz sərgisi, Lənkəran Gənclər Evinin qarşısında yerləşən ərazidə Novruz səhnəsi, həmçinin bölgələrimizdən olan gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərlə bağlı fəaliyyətlər, folklor, musiqi və tanınmış müğənnilər tərəfindən ifalar, nümunəvi idman çıxışları və dronlarla hazırlanmış şou nümayiş etdirilib. Festivala 3000-dən çox insan qoşulub. "Gənclər Paytaxtı"nın maskotları olan simvolik limon və çay da festivala rəng qatıblar.