Balakən- Azərbaycan Gənclər Paytaxtı 2017


Azərbaycanın "Gənclər Paytaxtı"nın seçilməsi “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə təşkil olunan müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Proqramının əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" elan edilir. Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilən bu layihə 5 il ərzində ətrafında kifayət qədər iştirakçı kütləsi toplaya bilmişdir. 2012-ci ildən mütəmadi olaraq hər il keçirilən Gənclər Paytaxtı internet səsverməsi nəticəsində Gəncə şəhəri (2012-ci il), Biləsuvar rayonu (2013-cü il), Quba şəhəri (2014-cü il), İsmayıllı rayonu (2015-ci il), Şəmkir rayonu (2016-cı il) Gənclər paytaxtı adına layiq görülmüşlər.
Bu il də istisna olmamış və 25 yanvar 2017-cı il tarixindən start götürmüş müsabiqə 31 yanvar 2017-cı il tarixində sona çatmışdır. Bir həftə davam edən səsvermə nəticəsində Balakən rayonu 24 şəhər və rayon arasında liderlik mövqeyi nümayiş etdirmiş, 37.4% səs toplayaraq Gənclər Paytaxtı 2017 adına layiq görülmüşdür.
Bununla əlaqədar olaraq 2 Fevral Gənclər günü münasibəti ilə təşkil olunan tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev şəhərin rəmzi açarını Balakən rayon gənclər və idman idarəsinin rəisinə təqdim edib.



Şəmkir - Azərbaycan Gənclər Paytaxtı 2016


Gənclər və İdman Nazirliyinin keçirdiyi onlayn səsvermənin nəticələrinə görə, Şəmkir şəhəri 2016-cı ilin "Gənclər Paytaxtı" seçilib. Rayonun mərkəzi prospektində sakinlər "Gənclər Paytaxtının" simvolik açarını sevinclə qarşılayıblar.
Minlərlə şəmkirli simvolik açarı ictimaiyyətə təqdim etmək üçün gəzintiyə çıxıb. Dövlət rəmzimiz olan bayrağımızın da iştirak etdiyi gəzintidə hamı sevinc və çoşqu içərisindədir.
Heydər Əliyev prospektindən başlanan gəzinti ulu öndərin adını daşıyan mərkəzin önündə başa çatıb. Rəsmi hissədə çıxış edənlər gəncləri təbrik ediblər. Bu il Şəmkirdə gənclərlə bağlı müxtəlif tədbirlər, layihələr reallaşacaq. Onların regionun ictimai-siyasi və mədəni həyatında daha fəal iştirakı təmin ediləcək.
Emin İsmayılov - Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi:
"Təbii ki, bu, bizim üzərimizə əlavə məsuliyyət qoyur. Qarşımızda yeni layihələrin həyata keçirilməsi məqsədi var. Şəmkir rayonunda pilot rayon olaraq gənclər siyasətinin həyata keçirilməsi üçün böyük işlər görülür".



İsmayıllı - Azərbaycan Gənclər Paytaxtı 2015


2015-ci ilin “Gənclər paytaxtı” seçilib.
APA-nın məlumatına görə, bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclər Günü ilə bağlı keçirilən tədbirdə “Gənclər paytaxtı” ilə bağlı keçirilən onlayn səsvermənin nəticələri açıqlanıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, İsmayıllı rayonu 2015-ci ilin “Gənclər paytaxtı” seçilib. “Gənclər paytaxtı”nın rəmzi açarı İsmayıllı rayonunun Gənclər və İdman İdarəsinin rəisinə təqdim edilib.
Qeyd edək ki, “Gənclər paytaxtı”nın seçimi Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilir. Bu yolla paytaxt seçilmiş regionun gənclərinin öz şəhər və ya rayonlarının ictimai, siyasi və mədəni həyatlarında daha fəal iştirakları təmin edilir. Bundan əlavə, seçilmiş region gənclərin yaradıcılıq ideyalarının həyata keçirilməsinə və onların potensiallarının artırılmasına daha böyük diqqət nümayiş etdirir. “Gənclər Paytaxtı”nın seçimləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə, Təşkilat Komitəsi ona təqdim edilən sənədlər əsasında səsvermədə iştirak edəcək regionların siyahısını tərtib edir, ikinci mərhələdə isə internet səsvermə yolu ilə “Gənclər Paytaxtı” seçilir.
Xatırladaq ki, 2012-ci ilin “Gənclər Paytaxtı” Gəncə şəhəri, 2013-cü ilin “Gənclər Paytaxtı” Biləsuvar şəhəri, 2014-cü ilin “Gənclər Paytaxtı” Quba rayonu seçilib.



Quba - Azərbaycan Gənclər Paytaxtı 2014


İnternet səsvermənin nəticələrinə əsasən Quba şəhəri “Gənclər Paytaxtı 2014” seçilmişdir. Səsvermədə 575 min insan iştirak etmiş və www.genclerpaytaxti.az saytı vasitəsilə 15 regionun içərisindən Gənclər Paytaxtını seçmişlər.
Gənclər Paytaxtının seçimi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Qələbənin simvolu olan açar Azərbaycan Respublikasının Gənclər və idman nazirinin müavini İntiqam Babayev tərəfindən Quba şəhər gənclər və idman şöbəsinin müdiri Mustafa Noxbalayevə təqdim edilmişdir.
Xatırladaq ki, “Gənclər paytaxtı” nın seçimi Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilir.
Beləliklə, bu yolla paytaxt seçilmiş regionun gənclərinin öz şəhər və ya rayonlarının ictimai, siyasi və mədəni həyatlarında daha fəal iştirakları təmin edilir. Bundan əlavə, seçilmiş region gənclərin yaradıcılıq idayalarının həyata keçirilməsinə və onların potensiallarının artırılmasına daha böyük diqqət nümayiş etdirir.
“Gənclər Paytaxtı” nın seçimləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə, Təşkilat Komitəsi ona təqdimn edilən sənədlər əsasında səsvermədə iştirak edəcək regionların siyasını tərtib edir, ikinci mərhələdə isə internet səsvermə yolu ilə “Gənclər Paytaxtı” seçilir.
Xatırladaq ki, daha öncə “Gənclər paytaxtı” 2012-ci ildə Gəncə şəhəri, 2013-cü ildə isə Biləsuvar rayonu seçilmişdir.



Biləsuvar - Azərbaycan Gənclər Paytaxtı 2013

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində 2013-cü ilin yanvar ayı ərzində keçirilən internet səsvermənin nəticəsi olaraq səslərin 36 faizini toplayan Biləsuvar rayonu Azərbaycanın "Gənclər Paytaxtı 2013" seçilmişdir. Bakı şəhərində 2 fevral Gənclər Gününə həsr edilmiş tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin "Gənclər Paytaxtı 2013"ün adı rəsmən açıqlanmış, Gənclər Paytaxtının rəmzi açarı Biləsuvar rayonuna təqdim edilmişdir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinə əsasən, proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin “Azərbaycanın gənclər paytaxtı” elan edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycanın gənclər paytaxtı”nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir.



Gəncə - Azərbaycan Gənclər Paytaxtı 2012

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində 2012-ci ilin yanvar ayı ərzində keçirilən internet səsvermənin nəticəsi olaraq Gəncə şəhəri Azərbaycanın ilk Gənclər Paytaxtı seçilmişdir.
Bakı şəhərində 2 fevral Gənclər Gününə həsr edilmiş tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ilk Gənclər Paytaxtının adı rəsmən açıqlanmış, Gənclər Paytaxtının rəmzi diplomu Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi M.Zeynalova təqdim edilmişdir.

Gənclər paytaxtı olduğu dövrdə gənclərlə iş sahəsinə şəhər rəhbərliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən daha yüksək dəstək göstərilmişdir. Gənclərlə keçirilən tədbirlərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev, Azərbaycan Respublikası Gənclər və İdman Naziri cənab Azad Rəhimov, Nazir müavini cənab İntiqam Babayev və digər səlahiyyətli şəxslər iştirak etmişlər. 2012-ci ildə ilk dəfə olaraq Gəncə şəhərində Avropa İttifaqının Gənclər Fəaliyyəti Proqramı çərçivəsində (Youth in Action) iki beynəlxalq tədbir həyata keçirilmişdir. Həmin tədbirlərdə ilk dəfə olaraq Avropa Könüllülər Xidməti (EVS) vasitəsi ilə Avropalı könüllülərin fəaliyyəti təmin olunmuşdur. Gəncə şəhəri 2015-ci ildə Avropa Gənclər Paytaxtı adını qazanmaq üçün Avropada keçirilən European Youth Capital müsabiqəsində iştirak etmiş, namizədlər siyahısına daxil olmuşdur. Bu Gəncənin beynəlxalq səviyyədə gənclər şəhəri kimi tanınmasında böyük rol oynamışdır. Gəncədə keçirilən beynəlxalq tədbirlərdə Avropa Gənclər Forumunun prezidenti, bir çox beynəlxalq gənclər qurumlarının nümayəndələri iştirak etmişlər. İl ərzində şəhərin gənclər təşkilatlarına, fərdi gənclərin təşəbbüslərinin dəstəklənməsinə diqqət artırılmışdır. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə müxtəlif gənclər təşkilatları bu il ərzində Gəncə şəhərində onlarla layihə həyata keçirmişdir.

Gənclər Paytaxtında beynəlxalq tədbirlər


23-29 yanvar 2012-ci il tarixlərində “Ramada Plaza” otelində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Avropa Mədəniyyətlər Forumunun birgə əməkdaşlığı çərçivəsində Gənclər Fəaliyyətdə proqramı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Dinlər və mədəniyyətlərarası dialoqda gənclərin rolu” adlı Beynəlxalq təlim kursu keçirilmişdir. Təlim kursuna 20 ölkədən 40-dan çox gənc qatılmışdır.
05-12 aprel 2012-ci il tarixlərində Gəncə şəhərində “Ramada Plaza” otelində Gənclər və İdman Baş İdarəsi tərəfindən “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Avropa Gənclərin Mübadilə və Anlaşma şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində “Gender bərabərliyinə gedən yol” adlı təlim kursu keçirilmişdir. Layihə Avropa Gənclər Fondu və Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi tərəfindən maliyyələşdirilmişdir.
05-12 Aprel 2012-ci il tarixlərində paralel olaraq “Gənclər təşkilatalarının idarə olunması – beynəlxalq təcrübə” adlı təlim kursu Avropa Gənclərin Mübadilə və Anlaşma şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir. Tədbiri Gənclər Fəaliyyətdə proqramı və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərfindən maliyyələşdirilmişdir. Tədbirin açılışında Avropa Gənclər Forumunun prezidenti Petter Matyaşiç iştirak etmişdir.
03 oktyabr 2012-ci il tarixdə “Ramada Plaza” otelində Azərbaycan Gənclər Fondu və Gənclər Fəaliyyətdə proqramının maliyyə dəstəyi ilə “Azərbaycanda gənclərlə iş” mövzusunda beynəlxalq gənclərin mübadilə seminarı həyata keçirilmişdir. Tədbir “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.

Gənclər Paytaxtında yerli və ölkə miqyaslı tədbirlər


02 fevral 2012-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2 fevral “Gənclər günü” kimi qeyd olunmasının 15 illiyi və Gəncə Şəhərinin Gənclər Paytaxtı seçilməsi münasibəti ilə Gəncə şəhər “Ramada Plaza” otelində 120 nəfərdən çox gəncin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Elmar Vəliyev iştirak etmiş və bir qrup fəal gənc mükafatlandırmışdır.
12 aprel 2012-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, “Ümidli Gələcək” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sisteminin inkişafı və uşaqlara dair milli qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilmişdir.
18 aprel 2012- ci il tarixdə Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Gəncədə “Tələbə Baharı” VI Ümumrespublika Tələbə Yaradıcılıq Festivalı ilk Gənclər Paytaxtı olan Gəncə şəhərində keçirilmişdir. Xan bağında yerləşən Yaşıl Teatrda təşkil edilmiş tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Elmar Vəliyev və Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayev iştirak etmişlər.
28-29 aprel 2012-ci il tarixlərdə “Respublika Gənclər Debat forumu-yaz 2012” təlim kursu Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə Gəncə şəhərində keçirilmişdir.
04 may 2012-ci il tarixdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Gəncə Şəhər Gənclər və İdman Baş idarəsinin yaxından iştirakı ilə “Ümumilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir. Həmin gün daha geniş kütlələrin iştirakı ilə Heydər Əliyev meydanında təbliğat kampaniyası çərçivəsində konsert proqramı təşkil edilmişdir.
15 may 2012-ci il tarixdə “Ramada Plaza” otelində “Eurovision-2012” nin ölkəmizdə keçirilməsi münasibətilə gənclərin iştirakı ilə “Light your fire” adlı aksiya təşkil olunumuşdur.
11-12 iyun 2012-ci il tarixlərində 26 iyun BMT-nin narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq mübarizə gününə həsr olunmuş “Narkotik maddələr və onlarla bağlı nəticələr” mövzusunda konfrans keçirilmişdir.
13 iyun 2012-ci il tarixdə Gəncə-Qazax zonasına daxil olan rayonların iştirakı ilə Gəncə şəhərində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər Fondunun təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Gənclər Fondunun nümayəndələri iştirak etmişdir.
09 iyul 2012-ci il tarixdə Gəncədə Kompyuter oyunlarının VII Azərbaycan Milli Çempionatının zona mərhələsi keçirilmişdir.
04 avqust 2012-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və ATƏT Bakı ofisinin nümayəndələrinin iştirakı ilə gənclərə “Liderlər meydanı” adlı treninq keçirilmişdir.
12 avqust 2012-ci il tarixdə Yaşıl teatrda “12 avqust – Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş istedadlı gənclərin əl işlərindən ibarət sərgi və konsert proqramı təşkil olunmuşdur.
25 avqust 2012-ci il tarixdə Yaşıl teatrda “Sağlam gənc-sağlam cəmiyyət” mövzusunda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə mədəni kütləvi aksiya keçirilmişdir.
30 avqust 2012-ci il tarixdə Dram teatrda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə narkotik maddələr və narkomaniyaya qarşı mübarizə mövzusunda “Həyatla oyun” adlı teatr tamaşası nümayiş olunmuşdur.
07-11 sentyabr 2012-ci il tarixlərində Gəncə şəhərində “İrəli” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə “Gənclərin
I Liderlik Forumu” keçirilmişdir. Tədbirdə bir çox ictimai xadimlər, millət vəkilləri iştirak etmişdir.
14 noyabr 2012-ci il tarixdə Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının birgə təşkilatçılığı ilə Kreativ Gənclər Şəbəkəsinin təsis konfransı keçirilmişdir.
14 dekabr 2012-ci il tarixdə “Ramada Plaza” otelində yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyununun II Respublika Çempionatının final mərhələsi keçirilmişdir. 23-26 dekabr 2012-ci il tarixlərində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyilə “İrəli” İctimai Birliyi və Gələcəyə Körpü İctimai Birliyinin əməkdaşlığı ilə “Gənc Baxış 2020” adlı forum keçirilmişdir.