Balakən- Azərbaycan Gənclər Paytaxtı 2017


Azərbaycanın "Gənclər Paytaxtı"nın seçilməsi “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə təşkil olunan müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Proqramının əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" elan edilir. Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilən bu layihə 5 il ərzində ətrafında kifayət qədər iştirakçı kütləsi toplaya bilmişdir. 2012-ci ildən mütəmadi olaraq hər il keçirilən Gənclər Paytaxtı internet səsverməsi nəticəsində Gəncə şəhəri (2012-ci il), Biləsuvar rayonu (2013-cü il), Quba şəhəri (2014-cü il), İsmayıllı rayonu (2015-ci il), Şəmkir rayonu (2016-cı il) Gənclər paytaxtı adına layiq görülmüşlər.
Bu il də istisna olmamış və 25 yanvar 2017-cı il tarixindən start götürmüş müsabiqə 31 yanvar 2017-cı il tarixində sona çatmışdır. Bir həftə davam edən səsvermə nəticəsində Balakən rayonu 24 şəhər və rayon arasında liderlik mövqeyi nümayiş etdirmiş, 37.4% səs toplayaraq Gənclər Paytaxtı 2017 adına layiq görülmüşdür.
Bununla əlaqədar olaraq 2 Fevral Gənclər günü münasibəti ilə təşkil olunan tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev şəhərin rəmzi açarını Balakən rayon gənclər və idman idarəsinin rəisinə təqdim edib.



Gənclər Paytaxtını necə seçmək olar?

Səsvermə bunun üçün xüsusi yaradılmış sayt vasitəsilə həyata keçirilir www.genclerpaytaxti.az. Onu bilmək vacibdir ki, bir nəfər (bir şəhər və ya rayona) yalnız bir dəfə səs verə bilər.
Səsvermə prosesi 3 prinsip əsasında aparılır: açıq, şəffaf, bərabər.
Açıq: səsvermə hamı üçün açıq olan www.genclerpaytaxti.az saytı vasitəsi ilə həyata keçirilir.
Şəffaf: hər verilən səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır.
Bərabər: yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs Azərbaycanın Gənclər Paytaxtının seçilməsində bərabər hüquqla iştirak edir.